Boz kostyumlu, qara adam, bilmirəm onu -
Nazirdirmi, zabitdirmi - bənzədim kimə,
Üzügülər, qəlbiqara bir təlxək kimi,
Qəfilcədən yumruq atır nəfəsliyimə...
Gülə-gülə qırırdılar qanadlarımı,
Az qalırdım ağrısından divara çıxam,
Ulayırdım tələdəki canavar kimi,
Bircə bunu söyləyirdim, “şükür ki, sağam”...
İnanırdım cürbəcürə əlamətlərə,
Vaxt olurdu, lap özümə düşmən olurdum,
Soxulurdum bəzən yüksək kabinetlərə,
Sonra buna milyon dəfə peşman olurdum.
Deyirdilər, “bəxtəvərdi” qiybət edərək,
“Biz Tümenə gedən təki gedir Parisə,
Beləsini Rusiyadan qovsunlar gərək,
Hökumət də tənbəlləşib, tərpənmir nəsə”.
Deyirdilər maaş belə, qonorar belə,
Deyirdilər pulu bunun çıxıbdı dizə,
Gəlin verim hər nəyim var, ay görməmişlər,
Üçotaqlı kameramı mən verim sizə.
Böyük-böyük şairlərdi dostlarım mənim,
Bəzən öyüd verərdilər dərindən-dərin,
Deyərdilər s yazmırsan, yaxşı yazırsan,
Amma bir az çox lorudur qafiyələrin”.
Mən ölümlə dostlaşmışdım, dimdik durardım,
O arabır baş çəkəndə mənə gecələr,
Qudurmuşdum, mən ölümə “sən öl” vurardım,
Öldürərdi xırıltımdan qorxmasa əgər...
Qaçmamışam ömrüm boyu məhkəmələrdən,
Çağırsalar suallara verərəm cavab,
Mən ömrümü anınadək hesablamışam,
Yaxşı ya pis yükümə də gətirmişəm tab.
Mən bilirəm yalan nədir, həqiqət nədir,
Mən bunları öyrənmişəm neçə il qabaq,
Ay uşaqlar, nə yaxşı ki, yol bir dənədir,
Nə yaxşı ki, başqa yolum olmayıb heç vaxt.
|