Sarı işıqlardır yuxumdan yanan,
Və xırıldayıram yuxuda yaman:
- Dayan, ayaq saxla, ayaq saxla bir,
Müdrik insan ummaz gecədən xeyir!
Səhər də ürəyə yatmır heç ancaq
Oyanmır əvvəlki həvəs içində,
Siqaret çəkirsən ya acqarına,
Ya da xumarlıqdan elə içirsən.
Göy ştof içilir meyxanalarda,
Süfrələr ağarır masalar üstdə.
Təlxəyin və lütün cənnəti burda,
Özümsə elə bil quşam qəfəsdə.
Kilsədə üfunət, yarıqaranlıq,
Dyakonlar buxur tüstülədirlər.
Yox, yox, kilsədə də nə varsa - ayrı,
Lazım olan kimi deyildir heç də.
Dağa dırmaşıram qaranəfəs mən,
Başıma bir əngəl gəlməsin deyə.
Albalı görünür dağ ətəyindən,
Qızılağac kölgə salır zirvəyə.
Sarmaşıq örtəydi barı yamacı,
Ürək sevinərdi bunun özünə.
Nə isə olaydı, ayrı cür ancaq...
Lazım olan kimi deyildir heç nə!
Gedərəm çölləmə, çay qırağıyla,
Həndəvər işıqlı, tanrı yox ancaq.
Çiçəkdir, baxanda sağa, həm sola,
Bilmirəm yol harda sona varacaq.
Yolun qırağında qalın bir meşə,
Orda pusqudadır Baba-Yaqalar.
Yorucu bu yolun sonunda isə,
Edam kötükləri, bir də baltalar.
Hardasa nizamla rəqs edir atlar,
Hərəkət rəvandır, həvəssiz ancaq.
Yol boyu heç nə yox qəlbinə yatan,
Hər şey yol sonunda kəlləmayallaq.
İndi nə kilsədə, nə meyxanada,
Bilirsən təmiz nə, müqəddəs nədir.
Hər şey ayrı cürdür, uşaqlar, daha,
Lazım olan kimi heç nə yox indi.
|