Kolya, salam! Canım-gözüm, bir yaz görüm, necəsən?
Şərik çıxan tapılırmı orada dərd-sərinə?..
Qorxuram ki, qayıdanda vəzifəyə keçəsən,
Heç məni də qoymayasan daha adam yerinə.
Sən gedən gün çığırtıma yığışdı qız-gəlinlər;
Ovundurub, qurutdular gözlərimin yaşını.
Darıxmayım deyə bizə dostların da gəlirlər,
Piyləmək də istəyərlər bəziləri başımı.
Biri elə kirvən Paşka - gorbagorun balası!..
Elə sırtıq görməmişəm indiyəcən yaşımda.
Hər gün gəlib az qalır ki, əllərimi yalasın -
Ha qovuram, şırvalanır yenə böyür-başımda.
Danışdıqca görürəm ki, biclik yağır gözündən:
«Sizin öküz - deyir, - orda qızıl medal alıbdır».
Eh, öküzə çox baş qoşma, muğayat ol özündən;
Daha səni düşünməkdən yarı canım qalıbdır.
Hər yetənə üz göstərmə, heç kəsə bel bağlama.
Hə, yadımdan çıxmışdı lap! - Aqronomla barışdıq.
Qara-qura fikri-zadı gətirmə ha, ağlına! -
Biz onunla bütün günü ancaq səndən danışdıq.
Kəndimizə bu günlərdə bir qulluqçu gəlmişdi;
Yox! Abırlı kişi idi - unutmuşam adını.
Səndən söhbət düşən zaman gülüb mənə demişdi:
-Yaz ki, yoldan çıxarmasın onu küçə qadını.
İçki içib korlama ha, olub-qalan pulunu!
Eh, nə qədər istəyirsən evimizdə gəlib iç.
Aqronoma-zada bir quş, gözləyirəm yolunu;
Sənin kəsik dırnağına dəyişmərəm onu heç.
Yağan kimi daha damır ambarın da damından,
Yalqızlığın ucbatından tez-tez qaşım çatılır.
əşi, evə tez qayıtmaq çıxmasın ha, yadından!
Bir də mənə bir yaz görüm, - orada nə satılır?!
|