Məktubu oxuduqca tez-tez qaşım çatılır;
Sevgidən danışırsan, zalım balası zalım.
Bilirsənmi, burada necə mallar satılır! -
Yaxşısı budur, yaz ki, mən gələndə nə alım.
Qıyıb şorba yemirəm, içmirəm araq-zad da;
Birtəhər çıxardıram hər gün sudan çulumu.
Fikirləşib-eləmə, arxayın ol, ay arvad! -
Sənə paltar almağa saxlayıram pulumu.
Dünən baletə baxdım, - balet budurmu, əşşi?!
İçəri girən kimi qurudu matım-qutum;
Utanıb-eləmədən səhnədə dörd-beş kişi
Mamlı-matan qızları top kimi atıb-tutur.
Öküzümüz sərgidə birincilik qazanıb;
Camaat gəlib baxır döşündəki medala.
Doyunca yemdən yeyib, arxayınca uzanıb -
Quyruğunu yellədir hey kövşək çala-çala.
Daha dişimə vurub tanımışam hamını;
Dadımıza çatarsa, bircə sədrimiz çatar.
Ona de, düzəltdirsin anbarın da damını -
Bildir ki, taxılımız yoxsa, çürüyüb batar.
Eybi yoxdur, Paşkanın qulağını buraram...
Bax, deyirəm, onunla əlaqəni tamam kəs.
Aqronomla ta gəzmə, qıçlarını qıraram!
Hərdən gəzmək istəsən, sədrimizlə çıxıb gəz.
Donun yəqin köhnəlib, koftan da - didik-didik;
Eh, səni düşündükcə damarda donur qanım...
Yazmağa söz tapmıram. Salamat qal, hələlik.
Gərək dükana gedib, tez növbəyə dayanım.
P.S.
...Yanımızda bağ da var, bu həm bağdır, həm meşə,
İçində suyu seli, görməsən inanmazsan.
Orda zibil qabına tüpürürəm həmişə,
Amma belə şeyləri sən heç zaman qanmazsan.
|