Təkan vurub yerə dəydim o saat,
Aşammadım havadakı həddimi.
Bulayıbdır üz-gözümü kəpək-zad;
Dikəltməyə utanıram qəddimi.
İdmançıda taleyə bax, bəxtə bax;
Ömrün boyu qovrulursan, bişirsən.
Ölüm-zülüm yuxarıya qalxaraq -
Guppultuyla aşağıya düşürsən,
Necə tutum şöhrət adlı sükanı...
Eh, bayaqdan yıxılıram, dururam.
Sol ayaqla vurur hamı təkanı, -
Mən təkanı sağ ayaqla vururam.,
Ta yıxılıb-durmağımdan bezərək
Tribunada oturanlar bağırır.
Məşqçim məni altdan-altdan süzərək
Kirimişcə öz yanına çağırır:
"Buraxırsan ələ düşən imkanı...
Pis vərdişdən əl çəkməsən əgər sən,
Min dəfə də sağnan vursan təkanı -
Onu bil ki, yenə yerə dəyərsən".
Gözləməyib mən də ədəb-ərkanı
Qalxıb onun ta üzünə dururam:
- Kim solxaysa, solnan vurur təkanı;
Mən təkanı sağ ayaqla vururam.
Boylanaraq qançır olan dizimə,
Kanadalı qımışanda havada -
Məşqçim birdən dirənərək üzümə
Əl-qol atıb havalandı daha da:
"Yox! Batarıq rəqibləri udmasaq...
Bu yarışı böyüklər də izləyir.
Ə, başa düş, yüksək yeri tutmasaq -
Bilirsənmi, bizi nələr gözləyir?!"
Eh, yemoyin ürəyimin yağını!
Heç kəs məni başa düşmür, bay aman!
Bəsdirin də... Yanlış olan sağımı -
Dürüst sola dəyişmərəm heç zaman!
Buraxmaram ta sonuncu imkanı;
Duymuram ki, alçalıram, alçalır?.."
...Qaça-qaça elə vurdum təkanı -
Bir də gördüm hamı mənə əl çalır.
Cəhənnəmə, qan süzülür dizimdən;
Düşməni ki, yandırıram-yaxıram.
Özümün də xoşum gəlir özümdən -
Mən hamıya yuxarıdan baxıram.
Buraxmaram şöhrət adlı sükanı!
Amma yenə öz sözümdə durtıram;
Qoy, solxaylar- solnan vursun təkanı,
Mən təkanı - sağ ayaqla vururam!
|