Ürəyimdə bir ağrı var, bir ağrı;
Xoş günlərim daha şirin yuxudur.
Eh, böyüklər hüzuruna çağırıb, -
Mənə hər gün "Qurd ovu" nu oxudur.
Bu yaxında "Qurd ovu"mu taparaq,
Bir yoldaş da hey kükrəyib-çağladı;
Qaça-qaça evə gəlib, çaparaq -
Pəncərəni möhkəm-möhkəm bağladı.
Qəzəbindən, hikkəsindən tərləyib, -
Ürəyində zülüm-zülüm inlədi.
Barmağını düymə üstə hərləyib,
Kirimişcə səsyazanı dinlədi.
Xırıltıdan anlamayıb son sözü,
Külfətini tez köməyə çağırdı.
Lap axırda inadından əl üzüb, -
Qəfıldəncə dəli kimi bağırdı.
Əli birdən telefona uzanıb,
Zəng vurdu ki: "Tez axtarıb, arayın;
Mən bilmirəm, "Qurd ovu"nu yazanı -
Günü sabah hüzuruma yollaym!"
Mən də gctdim boğazımı yaşlayıb;
Əsəbimi başqa nə cür ovudum?!
Qapısından girən kimi başlayıb -
Axıracan "Qurd ovu"nu oxudum.
Zəngdən sonra dilxor olub külfəti,
Yəqin evdə ağıl qoyub başına, -
Eh, bəlkə də, tapşırmışdı lap qəti
Ki, şairi adam kimi qarşıla!"
Bir stəkan araq süzüb özünə -
Deyindi ki: -"Sən yolunu azmısan:
Barmağımı soxaram ha gözünə!
Bu şeirini elə məndən yazmısan!.."
Yaşayıram hey döyükə-döyükə:
Zəng səsləri məni yaman qorxudur.
Hüzuruna çağırtdırıb böyüklər -
Mənə hər gün "Qurd ovu" nu oxudur.
|